Aprelin 26-da Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabına həsr olunan elmi seminar keçirilib.
"Unikal" xəbər verir ki, kitabın həmmüəllifi, professor Rafiq Əliyev kitabın ərsəyə gəlməsindən və kitabın yazılma səbəblərindən danışıb. Qeyd olunub ki, kitabın yazılma ideyasının əsas müəllifi akademik Kamal Abdulla olub.
Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitab qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb.
Akademik Kamal Abdulla bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək, tolerantlıq, xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir:
“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabında dünya sivilizasiyalarının ortaq nöqtələrinin əsas elementləri önə çəkilib. Sivilizasiyaların toqquşduğu mütləq və nisbi anlamların mənalandırılması önəmlidir. Sivilizasiyaların kökündə təkcə elmi yox, həm də humanizm, tolerantlıq prinsipləri də yer alır”.
Bildirilib ki, Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir.
Qeyd edək ki, nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçiləri Xalq şairi Ramiz Rövşən və professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktorları Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və tərcüməçi Seyfəddin Hüseynlidir.