Aprelin 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədər Milli Müdafiə Universiteti ilə birgə hərbi vətənpərvərlik mövzusunda seminar keçirilib.

"Unikal" xəbər verir ki, ASAPES-in Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültəsinin dekanı Qəmbər Cəfərov, fakültənin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə, Milli Müdafiə Universitetinin Fiziki hazırlıq və idman söbəsinin rəisi polkovnik Zal Nəbiyev, Universitetin müəllimi polkovnik-leytenant İlyas Ağayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkənin hərbi potelsialının gücləndirilməsi, yeniyetmə və gənclərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində gördüyü işlərdən danışıblar.

Natiqlər qeyd ediblər ki, məhz bu işlərin nəticəsi olaraq Azərbaycanın vətənpərvər gənc nəsli 44 günlük şanlı Vətən Müharibəsində inanılmaz şücaət göstərərək torpaqlarımızı düşmən işğalından azad ediblər.

Akademiyanın “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” fakültəsinin müəllimi Ceyhun Məmmədyarov öz çıxışında bu cür tədbirlərin əhəmiyyətindən danışaraq Milli Müdafiə Universitetinin əməkdaşlarına təşəkkürünü bildirib və gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə seminarların mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.