Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində tədbirlər gücləndirilir.
"Unikal" xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda istehlakçıların içməli su ilə təmin edilməsi, sudan nəzarətdənkənar istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 25 aprel 2023-cü il tarixli əmrinə əsasən, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin operativ və keyfiyyətlə icra edilməsi, içməli su təchizatı sisteminə qanunsuz və nəzarətdənkənar qoşulmaların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi məqsədilə “Azərsu” ASC tərəfindən Fəaliyyət Planı hazırlanaraq təsdiq edilib.
Tədbirlər Planına uyğun olaraq ilk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr və digər obyektlər tərəfindən su təchizatı sistemlərinə qanunsuz qoşulmaların müəyyən edilməsi, qeydiyyata alınması və sayğacla təmin olunması istiqamətində tədbirlərin görülməsi ciddi tapşırıq kimi qarşıya qoyulub. Eyni zamanda, cari ilin sonuna qədər planlaşdırılandan əlavə 100 min sayğacsız abonentin sayğacla təmin edilməsi nəzərdə tutulur.
Su itkilərinin azaldılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə Abşeron yarımadasındakı Sukanal idarələrinin hər biri üzrə işçi qrupları yaradılıb. İşçi qruplar nöqsanların aradan qaldırılmasına birbaşa nəzarət etməklə, aşkar edilmiş faktlarla bağlı təhlillər aparacaq, yerli icra hakimiyyətləri ilə əlaqəli fəaliyyətin təşkilini həyata keçirəcək.
Bundan sonra içməli su təchizatı sistemlərinə özbaşına qoşulma, sudan qanunsuz və nəzarətdənkənar istifadə hallarına qarşı tələblər daha da sərtləşdiriləcək. Belə hallar aşkarlandığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun dərhal sərt tədbirlər görüləcək, suyun xeyli miqdarda talanması halları üzrə birbaşa hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Eyni zamanda bu hallara şərait yaradan məsul şəxslər barəsində ciddi tədbirlər görüləcək.
Abonentlərin diqqətinə bir daha çatdırılır ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısının alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır.