28 aprel 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Oğuz rayon İcra Hakimiyyətinin rəsmilərinin, İqtisad Universitetinin müəllim və tələbələrinin, İstisu kənd orta məktəbinin şagirdlərinin iştirakı ilə Şahdağ milli parkının ərazisində bir sıra tədbirlər keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Unikal"a bildirib ki, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə tədbir iştirakçıları milli parkın İsmayıllı bölməsinin ərazisindən keçən Göyçay çayına 15 000 ədəd çəkikimi balıq körpəsi buraxıb. Daha sonra qonaqlar zubr və maralların reintroduksiyası proqramları çərçivəsində milli parkın ərazisinə buraxılan zubr və marallara baxış keçirib.
Xidmət rəisinin sözlərinə görə, tədbir iştirakçıları ötən il Qəbələnin Tikanlı kəndində baş vermiş meşə yanğınından sonra meşəbərpa işləri aparılan əraziyə baxış keçirib, yaranmış pöhrələrin vəziyyəti ilə yerində tanış olublar.
“Tədbirin davamı olaraq qonaqların iştirakı ilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyinin ərazisində ağacəkmə aksiyası keçirilib”.