Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F1- əl qumbarası, 1 ədəd UZRQM-2 partladıcısı və 123 ədəd müxtəlif çaplı patron olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.