Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı uşaqlarla kobud rəftarını özündə əks etdirən görüntüləri yayılıb.
"Uniikal" xəbər verir ki, yayılan görüntülərdə M. Xəlilovun məşq zamanı uşaqlara qarşı kobud rəftarı əks olunur. Uşaqlardan birinin saçından tutur, təpikləyir. Uşaq halsız yerə yıxılır və huşsuz vəziyyətdə olduğu görünür. Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xatırladaq ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.