Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1986-cı il məzunu, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin tikinti işləri üzrə katib müavini Nuqen Çonq Çunq AzMİU-da olub.
"Unikal" xəbər verir ki, qonaq universitetin beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri professor Məhəbbət Məmmədov, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov və dekan müavini Kəmalə Abdullayeva ilə görüşüb.
Prorektor Nərgiz Abdullayeva qonağı salamlayıb və AzMİU-da son 40 ilə yaxın müddətdə aparılan inkişaf prosesindən, əcnəbi tələbələr üçün yaradılan şəraitdən, tədris dilinin və ümumilikdə tədrisin beynəlmiləlləşdirilməsi istiqamətində aparılan işlərdən danışıb.
Nuqen Çonq Çunq AzMİU-da aldığı təhsilin onun şəxsi inkişafında, iş həyatında önəmli rolunu vurğulayaraq Vyetnam memarlığına verdiyi töhfələrdən bəhs edib. O, Vyetnam memarlığının ən yaxşı nümunələrindən bir neçəsinin layihəsinin ona aid olduğunu, hətta birinin hazırda Rusiyanın Vyetnamdakı səfirliyinin binası kimi fəaliyyət göstərdiyini bildirib.
Görüşün sonunda qonaq universitetin ərazisini gəzib, yaradılan yeni şəraitlə tanış olub.