"Ağdamda Muğam Mərkəzinin təməlinin qoyulması xəbərinə çox sevindim. Qarabağ kimi bir yer - xanəndələr məskəni ola, muğam mərkəzi olmasın? Əlbəttə, olmalıdır".
Bunu "Unikal"a açıqlamasında Xalq artisti Arif Babayev deyib.
Muğam ustası sözügedən mərkəzə getmək istədiyini açıqlayıb: "Dövlətimizin başçısı, birinci xanım, xalqımız çox sağ olsunlar! Prezidentimiz torpağımızı azad edib məni belə sevindirir. Qismət olsa, biz də gələcəkdə şəxsən həmin muğam mərkəzinə gedərik. Bu, çoxdan mənim fikrimdə idi. Orda başqa məktəblər də açılacaq. Xanəndəlik sənəti, muğamımız yaşayacaq və etibarlı əllərdə olacaq.
Arif Babayev yenicə yekunlaşan Milli Muğam Müsabiqəsi haqqında da danışıb: "Onlardan birində oldum. Daha hər yerə gedə bilmərəm. Bəzən istəyirlər oxuyum, amma mən bir Arif Babayev kimi qalmaq istəyirəm. İstəyirəm ki, o səs yaddaşlarda qalsın".
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfərləri zamanı Ağdam Muğam Mərkəzinin təməlini qoyublar.
Ağarza Elçinoğlu