Cənubi Qafqaz zəngin təbii sərvətlərə malik Mərkəzi Asiya ilə bu resurslardan məhrum olan Avropa iqtisadiyyatı arasında yerləşir. Bu baxımdan Ermənistan və Azərbaycan arasında sülh təkcə ermənilərin və azərbaycanlıların deyil, bütün Avrasiyanın rifahına töhfə verəcək.
Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində parlaq Qələbəsi səhifəni çevirmək, hərbi əməliyyatları arxada qoyaraq beynəlxalq hüquqa əsaslanan münasibətləri normallaşdırmaq üçün tarixi imkan yaradıb. Bu fürsətdən istifadə etmək üçün Qərb Azərbaycanın baxışlarının əsaslandığı təkzibedilməz faktları daha yaxşı dərk etməlidir. Təəssüf ki, Ermənistan, erməni diasporu və onların xaricdəki havadarları son vaxtlar bu faktları gözdən salmaq üçün təbliğat kampaniyasına başlayıblar. Kampaniyanın bilavasitə məqsədi Amerika və Avropanın Bakıya təzyiq göstərməsinə nail olmaqdır. Daha uzunmüddətli məqsəd isə 2020-ci ilin noyabrında Ermənistanın müharibədə məğlubiyyətini etiraf etməsi ilə başlayan sülh prosesini alt-üst etməkdir.
"Unikal" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin bu ölkənin “Daily Tribune” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
“Nəzarət-buraxılış məntəqəsi gələcək sülh və sabitlik üçün yaradılıb” sərlövhəli məqalədə ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı dezinformasiya kampaniyası həyata keçirdikləri vurğulanıb. Qeyd edilib ki, halbuki 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla Ermənistan yenə reallığı qəbul edib və sülhün bərqərar olması ilə razılaşıb. Lakin buna baxmayaraq, həmin vaxtdan etibarən Ermənistan Laçın-Xankəndi yolundan Azərbaycanın mineral ehtiyatlarını talan edərək daşımaq, Qarabağda hərbi qüvvələrini möhkəmləndirmək, mina və silah-sursat daşımaq, Azərbaycan ərazilərində istehkamlar qurmaq üçün istifadə edib. Mina təhlükəsi hazırda da davam edir və 44 günlük Vətən müharibəsindən sonra 299 nəfər Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Bu, sülhə hazırlaşan bir ölkənin hərəkətləri ola bilməz və bu taktika Azərbaycana çox tanışdır.
Yazıda məhz bu qanunsuz fəaliyyətlərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin, qanunun aliliyinin təmin olunması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələrinin aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quraşdırdığı qeyd edilib. Yazıda Ermənistanın Azərbaycanın bu addımı ilə əlaqədar əsassız iddiaları tutarlı arqumentlərlə alt-üst edilib. Yazıda Azərbaycanın humanitar məqsədlər üçün maneəsiz hərəkətə şərait yaratdığı vurğulanıb, bu baxımdan Ermənistanın iddialarının əsassız olduğu diqqətə çatdırılıb. Bundan başqa, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirdiyi, 800 mindən çox insanın doğma yurdlarından didərgin düşdüyü, minlərlə insanın qətlə yetirildiyi qeyd olunub. Bildirilib ki, təkcə indiki Ermənistan ərazisindən – tarixi dədə-baba torpaqlarından 250 mindən çox azərbaycanlı qovularaq etnik təmizləməyə məruz qalıb.
Müəllif Ermənistanın işğal etdiyi torpaqları qeyd-şərtsiz və dərhal tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmədiyini vurğulayaraq, cəzasız qalmalarından istifadə edən ermənilərin etnik təmizləmə və vandalizm əməllərini davam etdirdiklərini bildirib. Qeyd olunub ki, ermənilərin vandalizm əməlləri nəticəsində şəhər və kəndlərimiz yer üzündən silinib, tarixi-mədəni irsimiz dağıdılıb.
Məqalənin sonunda vurğulanıb ki, sağlam siyasətə əsaslanan reallıqlar yeni faciələrin qarşısını ala bilər. İrəvan xəyallara və fantaziyalara son qoymalıdır. Ermənistan və onun himayədarları Qarabağdakı erməni əhalidən məkrli məqsədləri naminə istifadə etməyi dayandırmalıdır. Sülh prosesinə mane olmağa çalışanlar reallıqları dərindən dərk edib, keçmişin dərslərindən nəticə çıxarması və sülh naminə cəsarətli addımlar atması üçün Ermənistana kömək edə bilərlər.