Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” (SpaceX) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.
Bu barədə "Unikal"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda Starlink internet xidmətlərinin göstərilməsi ilə bağlı SpaceX şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırılıb.
Bakı şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə SpaceX şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.