İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Əfv sərəncamları və Amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu humanizm siyasəti son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Milli Konstitusiyamızın qəbul edidliyi 1995-ci ildən bu günədək onlarla əfv Sərəncamının imzalanması da deyilənlərin təsdiqidir. Bunların nəticəsində minlərlə məhkum azadlığa buraxılıb. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Amnistiya aktları, əfv sərəncamları bu yolda büdrəmiş insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla həmin şəxsləri yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Ölkəmizdə mərhəmətli olmaq, geniş xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir. Tarixi günlərdə, bayram ərəfələrində əfv sərəncamlarının imzalanması, Amnistiya aktlarının qəbulu artıq ənənəvi hal alıb.
Bu fikirləri "Unikal"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Siyasi elmlər doktoru vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin 8 may 2023-cü il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı da bu qəbildəndir. Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verməsi əsas götürülərək imzalanmış bu əfv aktı dahi şəxsiyyətin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davamıdır. Həmçinin cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfələrini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq imzalanan bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Bir mühüm məqamı xüsusi qeyd etmək istərdik ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Prezident İlham Əliyevin 8 may 2023-cü il tarixli Sərəncamına əsasən 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilmişdir. Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək.
Vüqar Rəhimzadə bildirib ki, qeyd edilənlər fonunda göründüyü kimi, bütün hallarda dövlət öz vətəndaşının yanındadır. Düşünürük ki, dövlətin bu humanist addımının şamil olunduğu məhkumlar bağışlanmalarından nəticə çıxaracaq, qalib ölkənin vətəndaşı olaraq Azərbaycanımızın qarşıdakı illərdə daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərəcəklər. Sənədin məhz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı olması ikiqat məsuliyyətdir. Dahi şəxsiyyət Azərbaycanın bugünkü reallıqlarının müəllifidir. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın tarixi Zəfərini şərtləndirdi. Bu gün Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olması, Zəfəri ilə yeni reallıqlar yaratması, ədalətin və beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya bəyan etməsi məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.