"Biz Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin davam etməsinin və münasibətlərin normallaşmasının tərəfdarıyıq. Biz danışıqların olmasını müsbət qiymətləndiririk".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, müxtəlif səbəblərdən danışıqlar prosesində müəyyən fasilələr yaranmışdı.
"Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman ardıcıl və davamlıdır. Əfsuslar olsun ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşmalar və fikirlər səslənir. Bilirsiniz ki, sülh danışıqları ilə bağlı da 6 aya yaxın fasilə olmuşdu. Beynəlxalq vasitəçilərin rolu ilə bu danışıqlar yenidən başladı. Müəyyən fasilədən sonra liderlər səviyyəsində görüşün keçirilməsi müsbət haldır",- deyə o əlavə edib.
Qeyd edək ki, nüfuzlu "Financial Times" nəşri mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcəyini yazıb.
Anar Kəlbiyev