"Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir, elə Ermənistanı misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistan bax, bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümündə xalqa təbrik müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, Avropanın bəzi ölkələrində dinimizə qarşı çirkin əməllər törədilir: "İndi Avropanın bəzi ölkələrində, Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, qanunlar qəbul edilir, dinimizə qarşı çirkin əməllər törədilir, “Qurani-Kərim” yandırılır və buna da biganə yanaşırlar. Yəni, mən bu sözləri söyləməklə bir daha demək istəyirəm ki, bizdə mövcud olan ab-hava unikaldır. Bu, bizim həyat tərzimizdir və eyni zamanda, bu, bizim siyasətimizdir, bu, bizim gücümüzdür. Bu gün belədir, bundan sonra da belə olacaq. Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik.
Ölkəmizin beynəlxalq nüfuzu, görün, nə qədər yüksəlib?! Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın biz rəhbərlik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik. Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri - doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik".
Prezident bildirib ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb: "İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir.
Bununla paralel olaraq, son 20 il ərzində Ulu Öndərin yolu ilə gedərək sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. İndi isə onlar üçün biz, bax, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Laçında, Xocavənddə, Hadrutda, Ağalıda, Talışda, Suqovuşanda evlər inşa edirik və inşa edəcəyik. Mən qeyd etdiyim kimi, son günləri Qarabağda və Zəngəzurda keçirmişəm, bizim siyasətimizin, qəbul edilmiş qərarların təzahürləri artıq hər yerdə görünür. Bu, böyük xoşbəxtlikdir. Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq biz keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq. Qeyd etdiyim kimi, 10 kəndin bünövrəsi, bax, bu son günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır.
Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Burada həm kadr potensialı məsələləri, eyni zamanda, bizim investisiyalarımız, sərmayələrimiz - biz indi kosmik dövlətə çevrildik. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq".
İlham Əliyev deyib ki, elə bir gənc nəsil yetişib ki, Şuşa kimi alınmaz qalanı yüngül silahlarla, əliyalın azad etdilər: "Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafdan, uğurlardan bəhs etmək olar. Əlbəttə ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!
Əlbəttə, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk. İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir".