ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasın prosesində əhəmiyyətli irəliləyiş olması barədə açıqlamaları İrəvan və Bakının mövqeləri ilə ziddiyyət təşkil edir.
"Unikal" xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında deyib.
Zaxarova bildirib ki, Ermənistan və Azərbaycan əsas məsələlərdə fikir ayrılıqlarının qaldığını qeyd edirlər.
O qeyd edib ki, Moskva da fəaliyyətini davam etdirəcək və artıq iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar üçün platforma təklif edib: "Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir".
Xatırladaq ki, 1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Görüşlərdə ABŞ dövlət katibi Entoni Blinken və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da iştirak edib.
Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması barədə mövcud məsələlərə dair mövqelərini bildiriblər. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.