"Təəssüflər olsun ki, biz yenidən eyni ssenarinin şahidi oluruq. Sülhə yaxınlaşma müşahidə olunduqda, Ermənistan tərəfindən təxribatlar törədilir".
Bunu "Unikal"a açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, burada müxtəlif versiyalar var:
"Ola bilər həqiqətən bunu törədənlər revanşist qüvvələrdir. Onlar heç cür sülhün olmasını istəmirlər. Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərin qurulmasını istəməyən qüvvələr bu cür təxribatları törədirlər. Digər bir variant odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan sözdə sülhə hazır olduğunu söyləsə də, əslində sülhün baş tutmasının onun hakimiyyətdən getməsinə səbəb ola biləcəyini anladığı üçün belə bir anlaşmanın olmasını istəmir. Prosesi uzadaraq öz xeyirlərinə dəyişdirmək üçün gediş edirlər. İrandan alınmış dronların aktiv istifadə edilməsi və orada ermənilərin deyil, İrandan olan mütəxəssislərin aparatları idarəetmə ehtimalının olması onu deməyə imkan verir ki, İran bu anlaşmanın olmasını istəmir. Belə bir anlaşma fonunda Ermənistanı itirə biləcəyi qorxusu onları bu addımları atmağa sövq edir. Başqa bir variant isə odur ki, sülhə yaxınlaşdığımız ərəfədə Ermənistan bu cür gedişlər edərək bildirmək istəyir ki, onun üzərinə çox da gedilməsin. Çətinliklə bu anlaşmanın imzalanmasına nail olmaq istəyir. Sanki onlar az itki ilə bu müqavilənin imzalanmasını həyata keçirmək istəyirlər".
Milli Məclisin üzvü qeyd edib ki, istənilən halda bu erməni oyunudur: "Ermənistan hər dəfə müxtəlif gedişlər edərək prosesləri öz xeyrinə dəyişmək istəyib. Bu da onların növbəti addımlarından biridir. Bu təxribatlar nəticə etibarı ilə sülhü uzadır. Hər dəfə hərbi qulluqçumuz şəhid olduqda, yaralandıqda Azərbaycan cəmiyyəti bu prosesi istəmir. Ona görə də Ermənistan onun üçün yaradılmış bu əla fürsəti düzgün dəyərləndirməli, təxribatları dərhal dayandırmalıdır. Çalışmalıdır ki, Azərbaycan Ordusunun qəzəbinə tuş gəlməsin. Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələri həm Ermənistan təxribatçılarının, həm də separatçıların cəzasını vermək gücündədir".
Anar Kəlbiyev