Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, digər hərbçimiz Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, düşmən təxribatlarının qarşısının tam alınması üçün sülh müqaviləsi imzalanmalıdır:
"Saziş olmasa, belə xoşagəlməz hadisələr baş verə bilər. Ermənilər başa düşməlidirlər ki, sülh müqaviləsi ilk növbədə onlar üçün vacibdir. Bu saziş imzalanmasa, Ermənistanın inkişaf səviyyəsi də sıfıra enəcək. Azərbaycan onsuz da inkişaf edir. Müharibədə də qalib gəldi. Sülh sazişi Azərbaycan üçün o qədər də vacib deyil. Ermənistana və bütün dünyaya mesaj veririk ki, istəyirsinizsə, sazişi imzalayaq, istəmirsinizsə, biz sazişsiz 30 il yaşamışıq, hələ 30 il də yaşaya bilərik", - deyə o qeyd edib.
Sabiq nazir mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək görüşün mümkün nəticələrindən də danışıb:
"Mənim fikrimcə, Brüsseldə tərəflər Vaşinqtonda razılığa gələ bilmədikləri məsələləri müzakirə edəcəklər. Təsadüfi hal deyil ki, ABŞ dövlət katibi Entoni Blinken Şarl Mişelə zəng vuraraq Azərbaycan-Ermənistan məsələlərinin hansı yerdə qaldığı barədə məlumat verir.
Məsələlər artıq nazirlər səviyyəsində yox, ölkə rəhbərləri səviyyəsində müzakirə olunacaq. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etsin. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həll olunması da olduqca vacibdir".
Murad İbrahimli