"3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, Ermənistanı “demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq:
"Xankəndi erməniləri ilə birgəyaşayışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. "Human Rihgts Watch" son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar, indi də Paşinyandan 2-ci Saakaşvili düzəldirlər. Silahlı və ya məxməri çevrilişlərlə hakimiyyətə gələnləri “Demokratiya zirvələr”nə çağıranlar, dünyanı siyasi qütblərə ayıranlar, bir də onda ayıldılar ki, Rusiya da onlar kimi Ukraynada özünə təhlükə törətməyən hakimiyyət qurur. 100 minlərlə insanın ölümünə səbəb olan müharibəyə xərclədikləri 150 milyard dollarlıq hərbi yardımı dağılmamış Ukraynaya versəydilər, demokratiya ixracına ehtiyac qalmazdı. Əlbəttə, ölkəmizdə seçkilər, insan haqları və demokratik azadlıqlar sahəsində görüləsi işlər hələ çoxdur. Lakin 90-cı illərdə beynəlxalq hesabatlarda bizə ön yeri verənlər, torpaqlarımız işğala uğrayanda ona yardım etdilər. 2020-ci ildə isə Ordumuz Şuşanı fəth edərkən xarici indekslərin heç bir əhəmiyyəti qalmadı. Bizə işğal və qeyri-sabitlik doğuran “demokratiya” əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəkdir".
Anar Kəlbiyev