"Vaşinqton görüşündə bəlli oldu ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımaq istəmir. Sadəcə olaraq görüntü yaratmaq istəyirlər ki, çoxtərəfli sənədlərə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş növbəti görüşü şərh edərkən deyib.
Eks-nazir bildirib ki, sülh sazişində heç bir istisna olmadan ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması öz əksini tapmalıdır:
"Vaşinqton görüşündən sonra görünür ki, Ermənistan hələki buna hazır deyil. Belə başa düşdüm ki, Avropa İttifaqı kommunikasiyaların bərpası məsələsinə önəm verir. Azərbaycanın tələbi ondan ibarətdir ki, kommunikasiyaların açılması ilk növbədə Zəngəzurdan başlamalıdır. 2020-ci ilin 10 noyabr Bəyanatında göstərilirdi ki, dəmir yolu bərpa olunur və Rusiya sərhədçiləri nəzarət edəcək. Hiss olunur ki, Avropa İttifaqı bunu qəbul etmir. O cümlədən, Dünya Gömrük Təşkilatının müraciəti ilə bağlı fikirlər səslənirdi ki, onlar xüsusi şərait yarada bilərlər. Azərbaycanın tələbi ondan ibarətdir ki, ölkəmizin bir hissəsindən digər hissəsinə insanların və yüklərin keçidi xüsusi şəraitdə olsun. Hesab edirəm ki, buna aid müzakirələr olub. Bəyanatda da hiss olunur. Həmçinin, əsir düşmüş hərbçilərimizlə bağlı məsələyə də diqqət yetirilib. O ki qaldı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına, orada təzə bir şey görmürəm. Paşinyan köhnə oyunları davam etdirir".
Anar Kəlbiyev