"Türkiyədəki seçkilərin çox vacib tablosu ondan ibarətdir ki, demokratiyanın bu ölkədə nə dərəcədə nümunəvi olduğunu göstərdi. Tez-tez Türkiyə haqqında diktatura, tək adamın hakimiyyəti deyə ifadələr işlənsə də, bu fikirlərin nə qədər yanlış və həqiqəti əks etdirmədiyi özünü göstərdi".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, seçkilər Türkiyədə hakimiyyət dəyişikliyinin ancaq sandıqdan keçdiyini göstərən nümunə oldu:
"Bu seçki bir çox ölkələr üçün örnək ola bilər. Seçkilərdə 88 faizdən çox əhalinin iştirakı onu göstərdi ki, insanlar ölkənin taleyi ilə bağlı məsələlərə hədsiz formada həssaslıq nümayiş etdirirlər. Avropa ölkələrinin özündə bu dərəcədə həssaslığı nadir hallarda görmək mümkündür. Bu, demokratiyanın uğuru kimi qiymətləndirilməlidir. Seçkinin nəticəsi göstərdi ki, dövlətin qorunması və təhlükəsizliyi Türkiyə cəmiyyəti üçün həssas məsələdir. Çünki sosial-iqtisadi şərtlər də kifayət qədər ağırlaşmışdı. Hamıda elə düşüncə var idi ki, bu qədər uyğunsuz durumda müxalifət daha böyük fərqlə önə çıxa bilər. Amma seçkinin nəticələri başqa bir tablonu ortaya qoydu. Türkiyə cəmiyyəti ölkənin təhlükəsizliyinə və regional güc olaraq böyüməsinə səs verdi. İlk növbədə parlament seçkilərində mövcud iqtidar və onun koalisiyası qalib gəldi. Prezident seçkiləri ilə bağlı mümkün real variantlardan biri budur ki, ikinci turda seçkini keçirmək nəzərdə tutula bilər. Burada uğur qazanmaq möcüzəli nəticə kimi qiymətləndirilməlidir. Rəcəb Tayyib Ərdoğanın 49 faizdən artıq səs almasına və qələbəyə ən yaxın məsafədə olmasına xalqın xarici təhlükəyə qarşı cavabı kimi baxılmalıdır. Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəldi, parlament üstünlüyü tamamilə “Cümhur İttifaqı”nın əlindədir. Bu da ayrı avantaj verdi".
Deputat qeyd edib ki, seçki ikinci tura qalmış olsa da, Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi qaçılmazdır:
"Ona görə ki, burada psixoloji faktora diqqət etmək lazımdır. Parlamentin uduzulması olduqca önəmlidir. Çünki bir prezidentin parlament dəstəyi olmadan hansısa fəaliyyəti yarımçıq fəaliyyət kimi qiymətləndirilə bilər. Digər tərəfdən, seçkilərdə müxalifətin bütün qüvvələri Ərdoğana qarşı birləşmişdi. Bir çox namizədlərin tərəfdarları Kamal Kılıçdaroğluna ona görə səs verirdilər ki, onlar həm də parlamentdə öz namizədlərinə səs verirdilər. Parlamentdə namizədlər məsələsi həll olunduğu üçün onların elə də prinsipial marağı olmur ki, seçkidə fəal iştirak edib Kılıçdaroğluna dəstək versinlər. Nə qədər çağırış olursa olsun, bu, insan psixologiyası ilə bağlı məsələdir. Ərdoğan qələbəyə yaxın məsafədə olduğu üçün daha qətiyyətli davranacaq. Parlament məğlubiyyəti müəyyən kəsimlərin ruhdan düşmələrinə gətirib çıxaracaq. Bu baxımdan demək olar ki, seçkinin taleyi indiki mərhələdə həll olunub. İqtidar təmsilçisi ikinci mərhələdə bu səsin üzərinə daha artıq səs əlavə edə biləcək. Onu da bildirim ki, xarici qüvvələr Türkiyədə hakimiyyət dəyişikliyinə nail ola bilmədilər. Bu bizim üçün də önəmlidir. Çünki Türkiyədə olan hakimiyyət dəyişikliyi bizim Qarabağdakı müəyyən durumumuza ciddi təsir edə bilərdi. Hesab edirəm ki, Türkiyə bu mərhələni də uğurla adlaya bildi. İkinci tur seçkiləri olarsa, burada hər hansı şəkildə iqtidara qarşı üstünlük qazanmaq imkanı real görünmür".
Anar Kəlbiyev