Ulu Öndər Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyətdir və eyni zamanda, Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlər göstərib.
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev Misir parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edərkən deyib.
Dövlət başçısı misirli qonağa Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırladan Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bu səfər əlaqələrimizin inkişafına ciddi təkan verib.