“Müharibə başlayandan 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib”.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.
O. Azərbaycana müraciət edərək bütün ukraynalı uşaqları evlərinə qaytarılmasında onlara kömək etməyimizi istəyib.
Olena Kondratyuk qeyd edib ki, millətləri birləşdirən insanlar var: "Onlar doğulur və tarix yazırlar. Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyət olub. O yeni, müstəqil və firavan Azərbaycanı qurub. Yeni dövlətlərin yarandığı dövrdə Ukrayna ilə Azərbaycan xüsusilə yaxın olub. Xalqları birləşdirən hadisələr var. Bunlar müstəqilliyi quran qələbələr və döyüşlərdir. İndi Ukrayna belə hadisələri yaşayır. Ukrayna müharibədə öz xalqını, dilini, torpağını müdafiə edir. Rusiyanın genişmiqyaslı təcavüzündə, iyrənc və qəddar bir müharibədə iştirak edir".
Ukrayna Ali Radasının sədr müavini Azərbaycana minnətdarlıq edib: "Bakı Ukraynaya təcili ehtiyac duyulan humanitar yardımlar göstərir. Bu yardım xüsusilə enerji infrastrukturunun atəşə tutulması nəticəsində yaranan kilidlənmə zamanı nəzərə çarpırdı. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl şəkildə dəstək verdiyi üçün Azərbaycan rəhbərliyinə təşəkkür etmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyəcək. Ukrayna silahlı qüvvələrinin sıralarında azadlığımız uğrunda döyüşən və canlarından keçən etnik azərbaycanlılara xüsusi təşəkkür edirəm. Biz ukraynalılar onların Rusiya təcavüzü üzərində birgə qələbəmizə töhfələrini heç zaman unutmayacağıq. Ermənistanla ədalətli sülhə açıq olan Azərbaycanı təbrik edirik. Biz Ukraynanın qələbəsinə qəti inanırıq. Biz Ukraynanın bütün şəhər və kəndlərini geri qaytarmalıyıq. Eyni zamanda, Azərbaycan bayrağı Azərbaycana aid olan bütün ərazilərdə dalğalanmalıdır".
Anar Kəlbiyev