Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Gənc MÜSİAD Azərbaycan" komandasının ənənə halına gətirdiyi, tələbələr tərəfindən böyük maraqla qarşılanan “ÜFÜQ AZƏRBAYCAN” – Gənclərin iş dünyasına inteqrasiyası adlı panel müzakirələri təşkil olunub. 

"Unikal" xəbər verir ki, AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyi Ekspertiza İdarəsi eksperti Aysel Məmmədova, Türk Hava Yolları (THY) şirkətinin Bakı nümayəndəsi Hamid Eldeleklioğlu, “E-mobile” MMC və “Kripton Business Solutions” MMC-nin rəhbəri Əli Qədirbəyli məruzəçi qismində iştirak edib.

Paneldə məruzəçilər öz iş təcrübələri, karyera inkişafı, markalaşma (brendləşmə) və ticarət əlaqələrinin idarə edilməsi mövzularında çıxışlar ediblər. Gənclərə  özlərini inkişaf etdirməyi məsləhət görüb, nəzəri biliklərini təcrübədə tətbiq edərək biznes qurmağın üsulları haqqında fikirlərini bölüşüblər. Eyni zamanda gənclərin iş dünyası ilə bağlı təsəvvürlərini formalaşdırmaq və təcrübələrini artırmaq üçün öz təkliflərini də səsləndiriblər.

Panel müzakirələrindən sonra tələbələrin sualları cavablandırılıb. Aktiv tələbələrə hədiyyələr təqdim edilib.