Türkiyə mayın 28-də keçiriləcək prezident seçkilərin ikinci turuna hazırlaşır.
"Unikal" xəbər verir ki, ölkənin daxili işlər naziri Süleyman Soylu "Habertürk TV"də canlı yayıma qatılıb. Efirdə sualları cavablandıran Süleyman Soylu CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğluna sərt reaksiya verib.
ABŞ-ın Kamal Kılıçdaroğlunu dəstəklədiyini açıqlayan Soylu "Amerika bu seçkidə qalib gəlmək üçün hər şeyi edir. O, ilk raundda büdrədi və məğlub oldu. Məni səhv başa düşməyin, məğlub olan Kılıçdaroğlu deyil, məğlub olan Amerikadır. Kılıçdaroğlu orada Amerikanın sözçüsüdür, onun namizədidir. Siyasət ardıcıllıq və səmimilik tələb edir. İkinci turda CHP həm səmimiyyətsiz, həm də xəyanətkardır", - deyib.
Həmçinin, o, Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsinə inandığını və yenidən prezident seçiləcəyinə əminliyini ifadə edib.
Nazir Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin zəncirləri qırdığını və tamamilə müstəqil olduğunu söyləyib.
Gülayə Mecid