Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısına Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.
Prezident İlham Əliyev 1 Dekabr küçəsində lövhənin açılışında iştirak edib, bərpa olunmuş yaşayış evində yaradılan şərait ilə tanış olub.
Sonra dövlətimizin başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Daha sonra Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub. Dövlətimizin başçısı “İşğal” və “Zəfər” muzeylərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub, ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib, sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış olub.