Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri!
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü kimi ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin, eləcə də onun bütün vətəndaşlarının firavanlığı üçün ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq xarakteri daşıyan əməkdaşlıqdan məmnun olduğumu xüsusi vurğulayıram. Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və dərin ehtiramımı ifadə edirəm".
***
Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək".