Bu gün Milli Məclisdə keçirilən komitə iclasında yenidən avtomobillərin utilizasiyası prosesi müzakirə edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə iclas zamanı deyib ki, Azərbaycanda 1 milyon 700 mindən çox avtomobil var və həmin nəqliyyat vasitələrinin 60-65 faizinin istehsal müddəti 20 ildən artıqdır.
Deputatlar isə avtomobillərin utilizasiyasının çox ciddi iqtisadi proses olduğunu bildiriblər.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, utilizasiya ilə bağlı qərar verən dövlətlər avtomobil istehsal edən ölkələr olur:
“Əsasən bu proses Avropa ölkələrində aparılır, hansı ki, həmin ölkələrdə avtomobil istehsalı var. Rusiya bir neçə il əvvəl buna bənzər qərar verdi. Türkiyədə də utilizasiya ilə bağlı qərarlar verilib. Orada 11 böyük avtomobil şirkətinin zavodları var.
Utilizasiyanın mənası ondan ibarətdir ki, dövlət köhnə maşınların əvəzində vətəndaşlara pul və ya sertifikat verir. Həmin sertifikatlara uyğun olaraq proqram hazırlanır. Beləliklə, vətəndaşlar həmin proqram vasitəsilə ölkə ərazisində istehsal olunan yeni avtomobilləri əldə etmək imkanı qazanırlar.
Azərbaycanda isə avtomobil istehsalı yoxdur. Yalnız çox az tərkibdə avtomobillərin yığılması mövcuddur. Bunu da istehsal hesab etmək olmaz. Utilizasiya ilə bağlı qərar veriləndə bütün bu nüanslar nəzərə alınmalıdır. Sözügedən sertifikatların və pul məbləğlərinin vətəndaşa verilməsi ilə bərabər onlara həmin məbləğlə məhz avtomobil almaq üçün şərait yaradılmalıdır. Utilizasiya üçün ayrılmış vəsaitin vətəndaş tərəfindən digər məqsədlərdən ötrü istifadə olunmaması üçün bu məsələyə də nəzarət etmək lazımdır.
Yerli istehsal olmadığı üçün, dövlət tərəfindən yalnız köhnə avtomobillərin alınması ilə bağlı proqram hazırlamaq olar. Bunlardan da əvvəl, hökumət avtomobil parkının yenilənməsi üçün bəzi təşviqedici addımlar atmalıdır. Son illərdə buna uyğun bəzi addımlar atıldı. Son 3 ilin istehsalı olan elektromobillərin və hibrid avtomobillərinə bəzi güzəştlər tətbiq olundu, amma bu yetərli deyil. Birincisi, həmin güzəştlərin son 3 ilin istehsalı olan avtomobillərə şamil edilməsi yanlışdır. Bu ən azı 8 ilə qədər olmalıdır. Bunun ardınca utilizasiya ilə bağlı qərar qəbul olunsa, effektiv ola bilər.
Sadə dillə desək, misal olaraq, vətəndaşın köhnə bir avtomobili var. Dövlət ona 2 min manat qiymət qoyur. Vətəndaş isə həmin 2 min manatı ölkəyə yeni avtomobil gətirərkən onun gömrük vergi xərclərini ödəyərkən istifadə edə bilir. Belə yanaşmalar olsa, ölkənin avtomobil parkının yenilənməsi mümkün olar”, - deyə o bildirib.
İqtisadçı ekspert əsasən fermerlərə məxsus olan və regionlardan paytaxta yük daşıyan köhnə avtomobillərin utilizasiya prosesinə necə qoşulacağından da danışıb:
“Biz rayonlara səfər edən zaman fermerlərin mer-meyvə yüklədiyi, təhlükəsizliklə bağlı ciddi problemləri olan köhnə maşınları görürük. Onları da anlamaq lazımdır, çünki həmin insanların çörəyi bundan çıxır.
Türkiyədə buna uyğun yaxşı bir proqram hazırlanmışdı. Bildiyiniz kimi, onların xırda yükləri daşıyan “Fiat” markalı avtomobilləri var və il ərzində təqribən 80-90 min avtomobil istehsal olunur. Qardaş Türkiyə ilə də bu mövzuda anlaşmaq olar ki, sözügedən avtomobilləri Azərbaycana daha aşağı qiymətə idxal etmək mümkün olsun. Həmin avtomobillərin fermerlərə uzunmüddətli faizsiz kreditlərlə satılması da mümkün ola bilər. Hər bir halda çıxış yolu var”.
Natiq Cəfərli həmçinin avtomobillərin utilizasiyasının daxili bazarda maşınların qiymətlərinin bahalaşmasına gətirib çıxaracağına dair fikirlərə də münasibət bildirib:
“Bütün bunlar qəbul ediləcək qərarlardan və onların icrasından asılı olacaq. Həmin qərarların tətbiqindən sonra qiymətlər kəskin şəkildə bahalaşa da bilər. Eyni zamanda elə düşünülmüş addımlar da atmaq olar ki, nəticədə avtomobillərin qiyməti ucuzlaşa da bilər. Məsələn, son 8 ilin istehsalı olan avtomobillərə gömrük və vergi sahəsində güzəştlər tətbiq etmək olar", - deyə ekspert bildirib.
Murad İbrahimli