Sinqapurda 20-yə yaxın ölkənin yüksək rütbəli kəşfiyyat rəsmilərinin məxfi toplantısı keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələri deyir ki, bu cür görüşlər tərəflərin niyyətlərini və can atdıqları nəticələri anlamağa kömək edir. Mənbələr bildiriblər ki, görüşlər uzun illərdir Sinqapur tərəfindən təşkil olunur, lakin əvvəllər bu barədə məlumat verilməyib.

Görüşdə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes, Hindistan Kəşfiyyatının Tədqiqat və Təhlil Direktoru Samant Goel iştirak edib. ABŞ-la gərginliyə baxmayaraq, iclasda Çinin də nümayəndəsi olub, lakin Rusiya Federasiyası görüşdə təmsil olunmayıb. Şanqri-La Dialoq təhlükəsizlik forumuna paralel olaraq keçirilən görüşdə Ukraynanın da iştirak etmədiyi bildirilir.

ABŞ-ın Sinqapurdakı səfirliyi hadisə ilə bağlı məlumatı olmadığını bildirib. Çin və Hindistan hökumətləri açıqlama verməkdən imtina edib.