5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirliklərinin, BMT-nin İnkişaf Proqramının (UNDP) və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi  ilə elektrik avtomobillərin yürüşü baş tutub.

"Unikal" xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yürüşdə elektromobillərdən ibarət “karvan” Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə hərəkət edərək, paytaxt sakinlərinin və çoxsaylı turistlərin marağına səbəb olub. 

Yürüşün məqsədi həm Heydər Əliyev irsinin təşviqi, eyni zamanda dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.

Yürüşün final mərhələsində məktəblilər arasında elan olunmuş “Gələcəyin ekoloji avtomobili” mövzusunda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb, daha sonra Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya təşkil olunub.