Azərbaycanın daha bir sərbəst güləşçisi Yusif Dursunov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub.

Bu barədə "Unikal" Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Hacı Kərimov finalda ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Tiranada güləş üzrə U-17 Avropa çempionatının beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Bəşir Verdiyev (48 kq) son saniyələrdə qələbəni əldən verib. Güləşçimiz gürcüstanlı Gegi Onianiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Hacı Kərimov (55 kq) əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşıyıb. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməyib - 0:12. Rəqib finala yüksəldiyi üçün Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Həmyerlimiz bolqarıstanlı Erdal Qalipi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırıb. Mirzəağa bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kambayevə heç bir şans tanımayıb (12:2) və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Şeyxəli Babazadə (80 kq) startda polşalı Bartlomey Novakovskiylə bacarmayıb - 4:9.

Yarışa 1/4 finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı "tuş"la yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olub. Gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə (4:4) qələbə qazanan Ağstafa güləş məktəbinin yetirməsi titulunu qoruyub.

***21:34

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

"Unikal" xəbər verir ki,  bu  barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.