Azərbaycan Baş nazirinin sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın işi çərçivəsində 22 iyun 2023-cü il tarixində Söyüdlü kəndində mədən-filiz sahəsinə ilkin baxış keçirilib, operativ monitorinq işləri aparılıb və kənd sakinləri ilə görüş təşkil edilib. 

"Unikal" xəbər verir ki, bunu "qafqazinfo-ya müsahibəsində Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, Komissiya üzvlərinin sakinlərlə görüşü zamanı sağlamlıq, ekoloji və kənd təsərrüfatı sahəsində onları narahat edən məsələlər dinlənilib və müvafiq qurumların məsul şəxsləri ilə müzakirələr aparılıb.

"Sakinlərin sağlamlıqları ilə əlaqədar qaldırılan məsələlərin yoxlanılması üçün 24 iyun tarixindən başlayaraq səhiyyə orqanları tərəfindən kompleks tibbi müayinələr keçirilir. Bu tibbi yoxlamalara bütün kənd sakinlərinin cəlb edilməsi nəzərdə tutulub. Görüş zamanı yeni tullantı anbarının inşasının gündəlikdə olmadığı onların diqqətinə çatdırılıb. Sakinləri maraqlandıran digər məsələ isə mövcud tullantı anbarından zaman-zaman gələn iy-qoxu və ətraf mühitin çirklənməsi ehtimalı idi. Aparılan operativ ekoloji monitorinqlər zamanı tullantı anbarının bütün perimetri boyu hava, su, torpaq nümunələri götürülüb. Cari ilin 22 iyun tarixində ilkin aparılmış təhlillərə əsasən havada zərərli komponentlərin konsentrasiyasının norma daxilində olduğu müəyyən edilib. Digər götürülən nümunələr üzərində isə hazırda ETSN-in və digər stasionar laboratoriyalarda təhlillər aparılır", - nazir vurğulayıb.

Onun sözlərinə görə, kənd sakinlərinin ekoloji problemlərlə bağlı qaldırdığı məsələlərin araşdırılması üçün ETSN-də “Fəaliyyət planı” hazırlanıb və kompleks ekoloji monitorinq işlərinə başlanılıb. 

"Həmçinin kənd təsərrüfatı bitkilərinə, mal-qaraya və torpağa neqativ təsirlər haqqında səsləndirilən fikirlərlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri tərəfindən kəndin bütün təsərrüfat subyektlərində kompleks araşdırmalara başlanılıb. Yekunda monitorinq işlərinin nəticələri haqqında müvafiq təklif və tövsiyyələr hazırlanacaq və Nazirlər Kabinetinə təqdim olunacaq.

Eyni zamanda Gədəbəy dağ-mədən sənaye kompleksində nüfüzlu beynəlxalq şirkət tərəfindən texniki və ekoloji auditin keçirilməsini zəruri hesab edirik. Müəssisədə az tullantılı, qabaqcıl texnologiyalar əsasında yenidənqurma layihələrinə baxılacaq. Audit və monitorinqlərin nəticələrinə əsasən sözügedən dağ-mədən sahəsində müvafiq reabilitasiya işlərinin aparılması təklif olunacaq. Aparılan araşdırmaların nəticəsində hər hansı pozuntular aşkar olunarsa istismarçı şirkət məsuliyyətə cəlb ediləcəkdir", - Muxtar Babayev vurğulayıb.

Nazir vurğulayıb ki, bayram günləri də daxil olmaqla yaradılmış monitorinq qrupları tərəfindən nəzərdə tutulan işlər intensiv şəkildə davam edəcək. Mütəxəssislər qrupuna AMEA-nın əməkdaşları da cəlb olunacaq. Komissiya üzvlərinin regiona səfərləri çərçivəsində əhali ilə görüşlər keçiriləcək.