Tanınmış aparıcı Zamirə Dadaşova “Space” televiziyasının rəhbərliyindən şikayətçidir.
“Unikal” xəbər verir ki, aparıcı şəxsi feysbuk hesabında işdən çıxarılsa da, hələ də əmək kitabçasının ona verilmədiyini və bu səbəbdən yeni işə düzələ bilmədiyini yazıb:
““Space” MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, “Space”in baş redaktoru - deyilənə görə, Karovinin qohumu olan, üzünü görmədiyim Elnurənin özbaşınalıqlarından narazıyam. Artıq neçə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Heç bir səbəb olmadan müəllifi olduğum “Açıq söhbət” verilişini aprelin 1-i efirdən çıxardılar. Aprelin 27-də mənə Vado Karovinin imzası ilə ixtisara düşməyimlə bağlı xəbərdarlıq göndərildi. Heç bir səbəb gətirmədən mənim əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Kadrlar şöbəsinin müdiri deyir, mən onların sözündən çıxa bilmərəm, yoxsa mənə pis olar. “Space”də yəqin dərəbəylikdir. Mənim əlimdə olan sənəd sübut deyil, Karovin? Sizə "Space" etibar edilməyib ki, ətrafına qohumlarını, dostlarını yığıb özbaşınalıq edib, işçiləri incidəsən. Bütün nəslin orada işləyir. Vüqar, İlqar və Qalib Fətiyev qardaşları da bütün qanunsuzluqlara əl atırlar. Əmək haqları gecikdirilir. İnsanlara şər atmaqla məşğulsunuz. Özbaşınasınız? Bilmirsiniz, sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu mənim əmək haqqı almamağıma gətirib cıxarır?”.
Aparıcı bildirib ki, vəkili vasitəsilə məsələ ilə bağlı lazımi orqanlara müraciət edəcək.
Nuranə Abbasova