"Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sınağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərdə təhsilin keyfiyyətinin artırılması baxımından bir siqnaldır".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, imtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib:

"Eyni zamanda, 223 müəllimin balı bir rəqəmli olub. Yəni, onlar hətta 10 bal belə toplaya bilməyiblər".

Deputat təklif edib ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin:

"Bu ali məktəblərdə pedoqoji fənnlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni, əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə, o zaman ali təhsilin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər. Bütövlükdə, sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi. Deməli, çağırışlar heç də orta təhsil sferası ilə tamamlanmır".

Qeyd edək ki, Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən, sertifikasiyada iştirak müddəti pedoqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilin keyfiyyətini qiymətləndirməyə imkan verə bilər.