Dövlət tibb müəssisələrində həkimlər 6 saat çalışır.

"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib.

O bildirib ki  tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir.

L.Lətifova vurğulayıb ki, Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır:

"Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddəti qənaətbəxşdir.

Sığortaolunanlara tibbi yardımın göstərilməsi ixtisaslaşdırılmış ambulator xidmət üçün göndəriş
verildiyi tarixdən 14 gündən gec olmayaraq, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear protez cihazı ve endoprotezin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq  gözləmə müddəti ərzində həyata keçirilir".

L.Lətifova qeyd edib ki, həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır.

Anar Kəlbiyev