Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları İspaniya Krallığının Madrid şəhərində işgüzar səfərdə olublar.

"Unikal" xəbər verir ki, Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərində baş tutmuş görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru, f.e.d, professor Zaur Bağırov və Karyera və Kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU tərəfindən layihə koordinatoru Səidə Məmmədova iştirak edib. 10-14 iyul tarixlərini əhatə edən səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektolar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsi olub.  

Səfərdə Azərbaycan Respublikasının Milli Məclisinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edib.  

1 həftə müddətində davam edən təlim-seminarların ilk günü Charles III Universintetində öz işinə başlayıb.  Tədbirdə İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb və İspaniyada görməkdən məmnun olduqlarını qeyd edib. 

Daha sonra Azərbayacn Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli nümayəndələr adından İspaniyalı həmkarları salamlayıb və sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. N.Məmmədli ali təhsil müəssisələrinin inkişafına verdiyi töhfələr baxımından ECAR layihəsi və digər beynəlxalq layihələrin xüsusi önəmindən bəhs edib. 

Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov layihənin mühüm tərəfdaşlarından biri kimi İspaniya Rektorlar Konfransına öz təşəkkürünü bildirib və əməkdaşlığın uğurla davam etdiriləcəyindən əminliyini qeyd edib. 

Çıxışlardan sonra İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində Konfransın yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqimat nümayiş etdirib və sualları cavablandırıb.

İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi prof. Angela Alcala isə məzmunlu təqdimatla çıxış edərək İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış,  o cümlədən sektorlararası münasibətlər  və koordinasiyanın vacibliyindən danışıb. 

Görüşlərin gedişində ECAR çərçivəsində pilot olaraq yaradılmış Tələbə və Məzun işləri üzrə komitənin sədri Cavidan Heydərov tərəfindən komitənin fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş təqdimat oldu. 

Təlimlərin sonuncu günü Madrid Muxtar Universitetində (Universidad Autónoma de Madrid) baş tutdu. Səfər iştirakçıları bu görşdə universitetin tələbə və məzunlarla iş, beynəlmiləlləşmə siyasəti, o cümlədən Azərbaycan universitetləri ilə əməkdaşlıq məsələləri barədə ətraflı məlumat əldə etdilər. 

Səfər müddətində keçirilən görüşlərdə xarici ekspertlərlə faydalı fikir mübadilələri aparılıb. .