"Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll yaradıla bilməzmi ? Görünən odur ki, Dövlət Gömrük Komitəsi cari işlərə daha çox zaman sərf edir".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, uzun illərdir ki, DGK-da malın gömrük dəyərini müəyyən etmək problemli və əsas narazılıq doğuran məsələ olub.

"İndi də belədir. İdxal ilə məşğul olan sahibkarlar bəzən Çindən gətirdikləri malın az qala yarısı qədər gömrük ödənişinin edilməsi ilə üzləşdiklərini bildirirlər. Onlar iddia edirlər ki, gömrük orqanları idxal edilmiş mallara olduğundan daha böyük gömrük dəyəri müəyyən edir. Gömrük dəyərinin hesablanması üçün ağlabatan bir üsul indiyədək ortada yoxdur. Xatırlayıram ki, DGK-da əvvəllər bununla bağlı nəhəng bir departament yaratmışdılar. Amma normal bir mexanizm ortaya çıxmadı. Komitə indiyədək bir xeyli faydalı rəqəmsal həllər və  elektron xidmətlər formalaşdırıb. "Smart Customs" bir çox problemlərin anında həll olunmasına kömək edir. Amma malın gömrük dəyərinin müəyyən edilməsi üçün daha effektiv olan rəqəmsal həll formalaşdırmağa nədənsə diqqət yetirilməyib".

O.Gündüz bildirib ki, ötən günlər DGK bu quruma olan müraciətlərlə bağlı bir məlumat paylaşıb: "Bu statistikadan görünür ki, DGK-ya olan müraciətlərin az qala yarısı fiziki şəxslərin "İMEİ kodlar problemi" və "Karqo problemi" ilə, yəni, vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri mallarla bağlı olub. Bu nəhənglikdə dövlət xidmətinə olan müraciətlər əsasən fiziki şəxslərin bəyanetməsi ilə bağlı olub. Düşünürəm ki, burada nəsə doğru deyil. Hazırda bu sektorda aparılan islahatlar, gömrük xidmətində struktur dəyişiklikləri, bu sektordakı strateji hədəflər daha çevik və effektiv mexanizmlərin yaradılmasını şərtləndirir.

Beynəlxalq təcrübəyə nəzər salanda görmək mümkündür ki, bu tip məsələlər tam rəqəmsallaşıb. İndi hökumət gömrük dəyəri ilə bağlı yeni qaydalar hazırlayır. Ümid edirəm ki, DGK-nın yeni rəhbərliyi də uzun illərdən bəri mövcud olan bu problemin, malın gömrük dəyərinin qısa zamanda müəyyən edilməsi üçün ağlabatan bir mexanizm,  rəqəmsal bir resurs formalaşdıra biləcək. Fikrimcə, gömrük xidmətində resurslar cari xarakterli işlərə deyil, gömrük proseslərinin rəqəmsal transformasiyasına yönəldilməlidir".