"Müəllimlərin sertifikatlaşdırılması və onların təhsildən uzaqlaşdırılması ilə bağlı ciddi narahtlığımı ifadə etmək istəyirəm. Kəsib atmaq, doğrayıb tökmək, uçurmaq, əzmək, yıxmaq və dağıtmaq dünyada ən asan işlərdir. Gəlin asanın dalınca qaçmaq yolunu yox, qurub-yaratmaq yolunu tutaq".

"Unikal" xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, 30 yaşında iş üçün müraciət edən şəxsə az qalırlar desinlər ki, yaşın çoxdur:

"İndi siz orta yaşlı müəllimi çıxdaş etməklə onun bütün dünyasını yıxmış olursunuz. O haradan iş tapacaq? Pensiya almağa getsə, kişilərə deyəcəklər ki, 65 yaşın yoxdur, qadınlara da 63 yaş 6 ay tamam olmayıb. Sertifikasiyadan keçməyən müəllimlər üçün yeni kurslar təşkil edin. Onlar metodoloji, pedaqoji bilik və bacarıqlarını artırsınlar. Niyə kəsib atırsınız və ən asan yolu seçirsiniz? Bu ixtiyarı sizlərə hiç kim verməyib. Sizə deyilib ki, nizam-intizam, qayda-qanun və yüksək təhsil qurun. Kim ki, dərs almayacaq, hazırlaşmayacaq, kurslara gəlməyəcəksə, o zaman buyurun qərarınızı verin. Təklifləri, səsləri, narazılıqları, təhsillə bağlı danışanları eşidin. Hamını qulaqardına vurmaq, saya salmamaq, dinləyib öz bildiyini etmək yaxşı hal deyil. Gərək bir-birimizi eşidək və normal təkliflərə açıq olaq. Hər kəs öz bildiyini həqiqət və doğru yol bilib edərsə, ölkə xaos olar. Bu günə qədər təhsillə bağlı ağrılı məsələlərə fikir bildirmişəm və tribunadan sələndirmişəm. Bu qədər laqeyd və soyuq olmayın. Sonra özünüz yaratdığınız problemlərin altında qala bilərsiniz".

Deputat təklif edib ki, müəllimlərin sertifikatlaşdırılması zamanı uğursuzluğa düçar olanlar təkrar əlavə kurslara və təlimlərə cəlb edilsin:

"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən şəxslərin diplomunu tanıyın. Bir daşı daş üzərinə qoyanda yüz nəfər tökülür, necə olur ki, şəhərin mərkəzində on il fəaliyyət göstərib diplom paylayan ali təhsil məktəblərini görən olmayıb? Standartlara uyğunluğu əsas gətirib ianə ilə tikilən məktəb, uşaq bağçası və digər analoji tikintilərin yolunu açın".