Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Həmçinin, Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcək:
- utilizasiyası haqqı;
- kreditlər və qrantlar;
- hüquqi və fiziki şəxslərin könüllü ianələri;
- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
- qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.