Qəbələ rayonunun Yemişanlı kəndində keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 15-ə yaxın sakin iştirak edib.

"Unikal" xəbər verir ki, mikrofon önünə çıxan 6 nəfər kəndin bütün sakinləri adından müraciətlərini ünvanlayıb. Müraciətlər fərdi yaşayış evinin qazlaşdırılması və küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub. Qazlaşdırılma ilə bağlı vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Zaqatala RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.