Bəşər Əsəd dünyanı vecinə almadı
03:01 07-04-2012
DÜNYA
Bəşər Əsəd dünyanı vecinə almadı
Suriyada daha da zorakılıq gücləndi, insan tələfatı artdı, Ərdoğan isə diktatoru rəzil etdi
BMT-nin Təhlükəsiz Şurası növbəti iclasında Suriya rejiminə qarşı yeni bəyanatla çıxış edib. Şuranın prezidenti Syuzan Rays bildirib ki, rejim aprel ayının 10-na kimi öz vədlərinə əməl etməli və ölkədə davam edən zorakılığa son qoymalıdır.
Onun sözlərinə görə, tərəflər, əsasən də, Suriya iqtidarı əhaliyə humanitar yardım göstərilməsi üçün BMT ilə əməkdaşlıq etməlidir. "Hər şeydən əvvəl əhali üzərinə qoşun yeridilməsi dayandırılmalıdır. İkincisi, əhalinin sıx olduğu mərkəzlərə ağır artilleriya göndərilməməli və ümumiyyətlə, bu bölgələrdən qoşunlar çıxarılmalıdır. Lakin bizdə olan ən son məlumata görə, Suriya rejimi əvvəlki günlərdə olduğu kimi öz vədlərinə zidd olaraq ölkədə zorakılığa davam edir və bu zorakılıq hər gün bir az daha şiddətlənir. Bununla belə, hökumət rəsmiləri öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını xəbər veriblər. Qeyd etmək istərdim ki, biz artıq boş sözləri deyil, real addımları müşahidə etmək istəyirik" - deyə Rays fikirini ifadə edib.
BMT-nin baş katibi Ban Ki Mun isə Suriyada vəziyyətin daha da gərginləşdiyini əlavə edib: "Zorakılıq bir neçə ay bundan əvvəl dayandırılmalı idi. Əslində isə, ümumiyyətlə, başlamamalı idi. Ən azından ona görə ki, Suriya xalqı öz legitim tələbləri uğrunda mübarizəyə başlamışdı".
Kofi Annan qeyd edib ki, Suriya qoşunları əhalinin sıx olduğu mərkəzlərdə əməliyyatları davam etdirir. O, hökumət rəsmilərindən əldə etdiyi məktuba əsasən bu cür açıqlama verib. "Hər gün zorakılıqla bağlı məruzələr gəlir. Qadınlara qarşı təcavüz, işgəncələr, edamlar, insan oğurluqları, şəxsi mülklərin dağıdılması, məcburi sürgün və digər vəhşiliklər baş verir. Rəsmi Dəməşq aprel ayının 12-si Suriya vaxtı ilə səhər saat 6-ya kimi ölkədə zorakılığa son qoyacağı ilə bağlı verdiyi vədlərə əməl etməldir. Buradan Suriya rejimini və müxalifət komandirlərinə açıq şəkildə xəbərdarlıq edirəm. Biz bu əməliyyatlara son qoymalıyıq. Tankların, helikopterlərin, raketlərin, silahların səsi kəsilməlidir. Müxalifət rəsmiləri ilə danışaraq hökumətin öhdəliklərinə əməl etmələri barədə tələblərim oldu. Ölkədə sülh etibarlı bir sülh prosesi olmadan möhkəmlənməyəcək. Azadlıq və təhlükəsizlik təmin edilməli və buna üçün tərəflər əməkdaşlıq etməlidir" - deyə Annan qeyd edib.
Xatırladaq ki, Annanın sülh planının şərtləri isə belədir:
1- Suriya hökuməti xalqının tələblərinə uyğun olaraq bütün tərəfləri razı salacaq şəkildə xüsusi təmsilçiylə əməkdaşlıq etməyə razılıq verməlidir.
2. Əməliyyatlara son verib atəşkəsə nail olmalıdır.
3. Ölkəyə humanitar yardım edə bilmək üçün gündə 2 saat atəşkəs elan edilməlidir.
4. Səbəbsiz yerə saxlanılanlar sərbəst buraxılmalıdır.
5. Juranlistlər ölkədə sərbəst şəkildə gəzməlidir.
6. Dinc aksiyalara icazə verilməlidir.
"Hərbi əməliyyatlar hələ ki, dayandırılmayıb. Biz bu əməliyyatlara son qoymalıyıq. Tankların, helikopterlərin, raketlərin, silahların səsi kəsilməlidir" - deyə Anan əlavə edib.
Qeyd edək ki, ötən bazar günü keçirilən "Suriya xalqının dostları" konfransının nəticəsi olaraq ölkədə zorakılığa son qoymaq üçün Suriya rejiminə aprel ayının 10-na kimi vaxt verilmişdi. Əks halda isə, rəhbərliyə qarşı ciddi sanksiyaların tədbiq ediləcəyi gözlənir
Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəriyə isə BMT-nin Baş Assambleyasında söz verilməyib. İclasdan sonra mətubat konfransında çıxış edən Cəfəri təkidlə bildirib ki, ölkəsi döyüşlərin getdiyi qaynar nöqtələrdən qoşunları geri çəkməyə başlayıb: "Suriya hökuməti Kofi Annanın sülh planını həyata keçirməyə qərarlıdır. Biz hazırda Annanın planlarına əsasən hərəkət edirik. Ağır artilleriya aprel ayının 10-na kimi geri çəkiləcək. Biz cənab Kofi Annandan bəzi məsələlərə zəmanət verməsini istəyirik. Biz tərəfimizdən atəşkəs təmin edildikdən sonra müxalifət də eyni addım atacağından və yaranmış boşluqdan istifadə etməyəcəyindən əmin olmaq istəyirik. Mən fikrimi bundan artıq aydın ifadə edə bilmərəm".
Suriya prezidenti Bəşər Əsəd aldatma manevrlərindən istifadə edir. Bunu isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ankarada Kosovonun baş naziri Sali Berişa ilə görüşündən sonra keçirdiyi birgə mətbuat konfrasında Ərdoğandan Suriya rəhbərliyinin Kofi Annanın planına əməl etməyə başlamasına dair məlumatlar soruşulub. Türkiyənin baş naziri buna Bəşər Əsədin "əsgərləri geri çəkdim, tankları geri çəkdim" kimi bəyanatlarının artıq onun bu günə kimi öyrəşdikləri xüsusiyyətləri olduğunu, bu günə kimi doğru danışmayıb, düzgün davranmadığını, bundan sonra da doğru-düzgün davranacağının ancaq aprelin 10-na kimi edəcəyi hərəkətlərdən bilinəcəyini deyib. "Əsgərlərin bəzi şəhərlərdən geri çəkildiyindən danışılır, amma bunlar Suriya rəsmilərinin bəyanatlarına əsasən deyilir. Yəni, hazırda həqiqətən də belə bir şey var, yoxsa yoxdur, bunu araşdıranda, ölkə daxili ilə əlaqə quranda bunların yalan olduğu bildirilir. Deyirlər ki, belə bir şey yoxdur. Çünki hələ də ölüm xəbərləri gəlir. Deməli, bir tərəfdən zərbələr endirir, digər tərəfdən bu manevrləri geri çəkilmə hərəkəti kimi göstərir. Bunlar geri çəkilmə manevrləri deyil, əksinə, aldatma manevrləridir" - Türkiyənin baş naziri belə deyib.
Rəcəb Tayyib Ərdoğandan Kofi Annanın bəzi ölkələrdən sülhməramlı əsgər istəməsinə dair xəbərlərin doğruluğu da soruşulub. Ərdoğan indiyədək Türkiyədən belə bir istəyin olmadığını deyib.
Dünən həmçinin o da məlum olub ki, Suriyada ötən ilin martından bəri ölkədən qaçaraq, Türkiyəyə sığınan suriyalıların sayı da artmaqdadır. Srağagün gecə daha 2700 suriyalı Bəşər Əsəd qüvvələri ilə müxalifət qüvvələri arasında gedən döyüşlərdən canını qurtarmaq üçün Türkiyənin Hatay vilayətinə gəlib. Əksəriyyəti qadın və uşaqlar olan suriyalı qaçqınlar sərhəddə türk əsgərləri tərəfindən Hatayın Reyhanlı qəsəbəsinə gətirilib. Burada Türk Qızıl Xaç və Qırmızı Aypara təşkilatları qaçqınları müvəqqəti yerləşdirib. Reyhanlı qəsəbəsində bütün çadır düşərgəsi dolu olduğundan, onların Şanlıurfa vilayətinə köçürülməsi planlaşdırılır.
Srağagün gecə Türkiyəyə pənah gətirən suriyalılar arasında əsgərlərin də olması diqqət çəkib. Türkiyənin Hatay, Kilis, Qaziantep və Şanlıurfa vilayətlərində yerləşdirilən qaçqınların sayı 25 mini ötüb.
Suriyalı qaçqınların və Suriya mənbələrinin məlumatına görə, ölkədə son bir həftədə İdlib, Hələb, Dəməşq və Türkiyə sərhədinə yaxın ərazilərdə döyüşlər şiddətlənib. Hökumət qüvvələrinin adıçəkilən ərazilərə aviazərbələri nəticəsində bir həftə ərzində 200-dən çox dinc sakinin öldüyü, 600-dən çox adamın yaralandığı bildirilir. Xatırladaq ki, BMT-nin məlumatına əsasən, Suriyada bir ildən çoxdur davam edən toqquşmalarda ölənlərin sayı 9 mini ötüb. Suriya rəhbərliyi isə silahlı qüvvələrlə toqquşmalarda 2 mindən çox hərbçinin və hüquq mühafizə orqanı əməkdaşının öldüyünü iddia edir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-23 22:36:17
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32
2024-12-23 19:33:30
2024-12-23 17:48:08
2024-12-23 17:43:00
2024-12-23 17:16:00
2024-12-23 17:13:13
2024-12-23 16:44:04
2024-12-23 16:31:00
2024-12-23 15:57:00
2024-12-23 15:39:00
2024-12-23 15:21:11
2024-12-23 15:01:06
2024-12-23 15:00:00
2024-12-23 14:19:09
2024-12-23 14:11:00