İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə avqustun 12-də Xəzər Gününə həsr olunmuş sahilyanı təmizlik aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, 2006-cı il avqustun 12-də dənizətrafı mühitin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il bu tarix Xəzər Günü kimi qeyd olunur.
Belə ki, İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə baş tutan təmizlik aksiyası Bilgəh qəsəbəsində yerləşən çimərlikdə 100 nəfərdən çox könüllü gəncin iştirakı ilə həyata keçirilib.
Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərətrafı sahillərin çirklənməsinin qarşısının alınması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlik ərazisindəki məişət tullantılarını toplayaraq, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verib.
Daha sonra iştirakçılar və yerli əhali Xəzər dənizinin sahilində yerləşən Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında təşkil olunan tədbirdə iştirak ediblər.
İştirakçılar arasında Xəzər dənizinin ekosisteminə, bioloji resurslarına aid sualları əhatə edən viktorinalar keçirilib, qum üzərində müxtəlif oyunlar, velosiped gəzintisi, çimərlik voleybolu və çərpələng uçurtma kimi əyləncələr təşkil olunub.
Xəzər Günü Abşeron yarımadasını ən ucqar şərq nöqtədə Xəzərlə birləşdirən “Şah Dili”yə səyahətlə yekunlaşıb.