Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "2026 - Gənclər paytaxtı Goranboy" rayonunda XXIX “Şahin” hərbi-idman oyununun respublika final mərhələsinin təntənəli açılış mərasimi keçirildi. Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində xüsusi çəkisi olan bu mötəbər yarış ölkə miqyasında böyük maraqla qarşılanır.
"Unikal" xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də "Şahin" hərbi-idman oyunlarının iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini hörmət və ehtiramla yad etdilər.
Yarış iştirakçıları rayon mərkəzində yerləşən Şəhidlər Xatirə Kompleksini ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev Parkına doğru möhtəşəm yürüş təşkil olundu.
Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirildi. Ümummili Liderə həsr edilmiş video-çarx izlənildi. Mərasimin rəsmi hissəsində Gənclər və İdman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və aidiyyəti qurumların nümayəndələri çıxış edərək yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzuladılar. Natiqlər öz çıxışlarında xüsusi olaraq vurğulayıblar ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş "Şahin" hərbi-idman oyunları uzun illərdir ki, gənc nəslin fiziki-mənəvi cəhətdən sağlam, dözümlü və vətənpərvər ruhda böyüməsində mühüm platforma rolunu oynayır. Qeyd olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra gənclərdə hərbi sahəyə, Vətənin müdafiəsinə olan maraq və ruh yüksəkliyi daha da artmışdır. "Şahin" oyunları da məhz bu amala xidmət edərək, gələcəyin əsgər və zabitlərinin yetişməsində əvəzsiz vasitədir.
Rəsmi çıxışların yekununda hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanmış komandaların, yeniyetmə və gənclərin hərbi orkestrin sədaları altında təntənəli keçidi baş tutdu. Yüksək nizam-intizam və coşqu ilə keçən parad tədbir iştirakçıları və qonaqlar tərəfindən böyük alqışlarla qarşılandı.
Nazir və rayon rəhbəri iştirakçılar üçün yaradılmış xüsusi təlim-məşq düşərgəsini ziyarət etdərək gənc şahinlərin hazırlıq səviyyəsi, asudə vaxtının təşkili və düşərgənin infrastrukturu ilə yaxından tanış oldular.
Ərazidə qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı səhra çadırlarına baş çəkdilər. Bu çadırlarda gənclərin hərbi-taktiki biliklərə yiyələnməsi və praktiki vərdişlər qazanması üçün hər bir şərait təmin edilib.
Yarışlar çərçivəsində komandalar müxtəlif hərbi-idman normativləri üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.












































.png)










