"SOCAR "Azəriqaz" İstehsalat Birliyi artıq 2 ildir ki, bütün ölkə üzrə istər sakinlərlə, istərsə də sahibkarlarla daimi olaraq görüşlər keçirir. Məqsədimiz qaz təchizatı ilə bağlı üzləşdiyiniz çətinlikləri yerlərdə sizdən eşitmək və səlahiyyətimiz çərçivəsində köməklik etməkdən ibarətdir".
"Unikal" xəbər verir ki, bu sözləri Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin baş mühəndisi Gəncə şəhərində sahibkarlarla keçirilən görüş zamanı bildirib. Sahibkarlar "Açıq mikrofon"un imkanlarından istifadə etmək üçün mikrofon önünə keçiblər.
Sahibkarlıq subyektləri Samir Əliyev və Aybəniz Hüseynova istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödəniş edilməsinə şərait yaradılmasını xahiş ediblər. Sahibkar Vüqar Bayramov isə obyektin layihə-smeta sənədlərini itirdiyini bildirərək təbii qazın bərpası üçün müvəqqəti müqavilə bağlanmasını istəyib. Sahibkarlarla yanaşı, sakinlər də qaz təsərrüfatına dair müraciətlərini səsləndiriblər. Daxil olan hər bir müraciət qeydiyyata alınıb, aksiya iştirakçılarına ətraflı izahat verilib.
Məlumat üçün bildirək ki, görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.