Bu gün Pirallahı Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
"Unikal" xəbər verir ki, yarmarkada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, başçının müavini İsmayıl Əliyev, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Əliyev, RİH başçısının Aparatının və Bakı Regional Məşğulluq filialının əməkdaşları, işəgötürən sifarişçi müəssisələrin təmsilçiləri, işsiz və işaxtaranlar iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, əmək yarmarkası işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə təşkil edilir.
Pirallahı rayonunda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 7 (“Al market”, “ADA” tədris mərkəzi, “Azərpoçt” MMC, “Diamed” CO MMC, “Baku Cable Goknur LTD” MMC, “İkar-Group” MMC, “İtac” MMC) müəssisə tərəfindən 100 vakant iş yeri (elektrik, təmir tikinti ustası, biznes prosesləri üzrə mütəxəssis, çilingər, qaynaqçı, satıcı-kassir, poçtalyon, əməliyyatçı, fəhlə, santexnik, alman dili müəlliməsi, riyaziyyat müəlliməsi, ingilis dili müəlliməsi, ibtidai sinif müəlliməsi, ofis meneceri) təqdim edilib. Yarmarkada işəgötürənlər tərəfindən təqdim olunmuş vakansiyalara uyğun gələn vətəndaşlar, həmçinin müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dəvət olunmaqla ümumilikdə 155 nəfər iştirak etmiş, onlardan 126 nəfəri qeydiyyata alınıb. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.