Yaponiya Müdafiə Nazirliyi 2024-cü maliyyə ili üçün aprelin 1-dən başlayaraq ölkə tarixində rekord məbləğ - 7,739 trilyon ienlik (indiki məzənnə ilə 53 milyard dollardan çox) hərbi büdcə müzakirələrinə başlayıb. 

“Unikal” xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei” məlumat yayıb.

Yeni hərbi büdcə xüsusilə ölkənin cənub-qərbində ABŞ-dən alınmış ən son beşinci nəsil F-35B döyüş təyyarələri ilə təchiz edilmiş yeni eskadronun formalaşdırılmasını nəzərdə tutur. “Aegis” çoxməqsədli kompüterləşdirilmiş izləmə və istiqamətləndirmə sistemlərinə malik əlavə iki esminesin tikintisi üçün də vəsaitin ayrılması planlaşdırılır.

Həmçinin kritik vəziyyət yarandıqda qoşunları Tayvan yaxınlığındakı Şərqi Çin dənizindəki ucqar adalara köçürmək üçün nəzərdə tutulmuş dəniz nəqliyyat dəstəsi də yaradılacaq. Onun müxtəlif dərəcəli gəmilər və helikopterlərlə təchiz edilməsi nəzərdə tutulur.

Silahlı qüvvələrdə yeni vahid rabitə və informasiya emalı sisteminin, habelə potensial düşmənin ərazisinə zərbə endirməyə qadir olan uzaqmənzilli raketlərin inkişafının sürətləndirilməsi nəzərdə tutulur.

Nuranə Abbasova