Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Neftçala rayonunun Qırmızıkənd kəndində Qırmızıkənd kənd tam orta məktəbi üçün əlavə sinif korpusunun açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, açılış mərasimində Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi, Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan Salyan Regional təhsil idarəsinin müdiri Sənan Mənsimli və layihə rəhbəri Azərbaycan gənc aspirant, magistr və doktorantlar cəmiyyətin sədri İlqar Orucov iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək, regionda icra olunan layihələrin Azərbaycan və Yaponiya arasında qurulmuş səmimi və dostluq əlaqələrinin təcəssümü kimi qiymətləndirib, gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığa yeni töhfələr verəcəyinə ümidlər ifadə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında son illər Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ölkə başçısı cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin davamı olduğunu qeyd etmiş, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində rayonumuzda da bir sıra layihələrin uğurla icra olunduğunu xüsusi vurğulanıb.
Qeyd edək ki, Yaponiya hökumətinin dəstəyi ilə inşa olunmuş Qırmızıkənd kənd tam orta məktəbi üçün əlavə tədris korpusunun tikintisi ilə yanaşı, Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə məktəbin həyətyanı ərazisində yenidənqurma və abadlıq işləri həyata keçirilib və burada lazımi şərait yaradılıb. Tədbir zamanı məktəbin yeni tikilmiş tədris korpusu ilə tanış olunub, şagirdlərlə, məktəbin pedaqoji kollektivi ilə səmimi söhbət aparılıb, xatirə şəkilləri çəkilib.