Müxalifət liderləri nəyi bölə bilmir?
12:35 29-03-2013
CƏMİYYƏT
Müxalifət liderləri nəyi bölə bilmir?
Rəsul Quliyev: "Daxildə oturub neyləmisiniz ki?”
İstənilən ölkədə keçiriləcək parlament və yaxud prezident seçkiləri cəmiyyətin həyatında son dərəcə önəmli rol oynaya bilər və oynayır da.
Necə deyərlər, bu seçkilərdə cəmiyyət özü özünə hesabat verir, özünü bir daha saf-çürük edir.
Seçkilərdən seçkilərə cəmiyyət daha da təkmilləşir və seçim qabiliyyəti cilalanır.
Kimsə aşağıdakı fikirlərimizlə razılaşmaya da bilər, ancaq bizə elə gəlir ki, bizdə tamamilə əks proseslər gedir. Seçkilərdən seçkilərə cəmiyyət daha da kallaşır, göyərir və tumturş alçaya dönür.
Və bu kallaşma, göyərmə, tumturşluq birinci növbədə balığın başından başlanır.
İndiki mövzumuzun çərçivəsində isə müxalifətin başından...
Bəs müxalifətin başında nə var, nə yox?
Müxalifətin başında hələ ki heç nə yoxdur. O mənada ki bu müxalifət iyirmi ildir ki, özünün əbədi-əzəli vahid namizəd problemini həll edə bilmir. Bunun da çox sadə bir səbəbi var: müxalifət liderlərinin hər biri ayrı-ayrılıqda özünü vahid hesab edir. Yəni bircə dənə, “məndən olmaz”, əvəzedilməz, hamının biət etməli olacağı fiqur...
Fikrimizi bir qədər başqa şəkildə ifadə eləməli olsaq, müxalifət liderləri öldürülməmiş ayının dərisini bölə bilmirlər.
Ölkədə hakimiyyət uğrunda siyasi mübarizə gedir və prezident seçkiləri yaxınlaşdıqca bu qansız mübarizə daha da bayağılaşır, dadsızlaşır.
Deyəsən, fikrimizi dəqiq ifadə eləmədik. Ona görə ki, adətən, siyasi mübarizə əksər hallarda müxalifətlə iqtidar arasında baş verir.
Bizdə isə yenə də əksinədir. Müxalifət iqtidarla az, özü ilə daha çox mübarizə aparır.
Açın istənilən müxalifət qəzetini və oradakı müsahibələri, münasibətləri ötəri nəzərdən keçirdin. Bu nəzərdən sonra görəcəksiniz ki, qəzetlərin səhifələrində bu lider o liderə döşəyir, o da o birisinə.
Bu “öldürülməmiş ayı” isə yenə də vahid namizəd problemidir.
Məsələn, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın Rəsul Quliyev barədə “xaricdə oturub müxalifətçilik edir” fikrinə münasibət bildirən ACP lideri daxili müxalifəti fəaliyyətsizlikdə ittiham edib.
“Siz özünüz daxildə oturub hansı işləri görmüsünüz ki? Vidadi Mirkamalın abstrakt “xaricdə oturub müxalifətçilik etmək asandır” iddiasına “hörmətli Vidadi müəllim, daxildə oturub müxalifətçilik etməmək ondan da asandır” deyərdim. Mənim seçkilərdə iştirak etməyimin eynən hökumətin Konstitusiya Məhkəməsinin üzvləri kimi hüquqi tərəfini axtarmaq istəyən Vidadi müəllimə demək istəyirəm: hörmətli müəllim, 2005-ci ildə mən parlament seçkilərində iştirak etmişəm, ondan sonra mənim hansı statusum dəyişib ki, prezident seçkilərində iştirakım hüquqi şübhə altına alına?”.
Yuxarıda gətirdiyimiz adicə fraqment bir daha sübut edir ki, müxalifət liderlərinin böləcəkləri nəsnələr hələ çoxdur. Və bu nəsnələr çoxaldıqca liderlər cəmiyyətdən daha da uzaqlaşırlar, ona daha da yadlaşırlar.
Amma bizə elə gəlir ki, bu məqamda iqtidarın yürüdə bildiyi siyasi taktika öz işini görür.
Bu taktika nədən ibarətdir?
Çox sadə. İqtidar özünün siyasi rəqiblərinin psixologiyasını çox gözəl bilir və işini də bu əsasda qurur.
Qurur və udur...
Bu da istənilən siyasi proses üçün normal bir qaydadır: rəqiblərin sırasını parçalamaq və uduş şəraiti yaratmaq...
Görəsən, Azərbaycanın ağır-ağır problemlərini həll etməkdə son dərəcə iddialı olan müxalifət liderləri bu elementar həqiqəti dərk etmirlər?
Bizə elə gəlir ki, dərk edirlər. Sadəcə, mənəmlik maniyası və girovluq amili iqtidarın müxalifət üçün toxuduğu tordan çıxmağa imkan vermir.
Mənəmlik maniyası barədə yazlının əvvəlində danışdıq.
Girovluq amilinə gəlincə isə...
Adıbəlli şeyx demişkən, bu məqamda “mətləb bir az tüldur. Yəni qaranlıq məsələlər var.
Siyasətçi bir neçə hallarda girova çevrilə bilir və bu qarmaqdan çıxmağın bircə yolu var: intihar...
Hallardan biri şəxsi həyatdakı xoşagəlməz epizodlarla bağlı olur. Məişət pozğunluğu və s.
Digər və ən məkrli hal maliyyələşmə məsələsi ilə bağlı olur.
Məsələn, filan partiya lideri partiyasını hansı pullarla saxlaya bilir?
Bu pulları xaricdən alır, yoxsa daxildən?
Göründüyü kimi, bu suallara hər müxalifət lideri cavab verə bilməz. Və elə cavab verə bilməyəcəyi üçün də istənilən havaya oynamağa məcburdur.
Savalan
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04