Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyindən Səfər Əbiyevə qahmar çıxdılar
12:39 29-03-2013
CƏMİYYƏT
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyindən Səfər Əbiyevə qahmar çıxdılar
Artıq bir neçə aydır ki, Azərbaycan Ordusunda savaşdankənar əsgər ölümlərinin tez-tez baş verməsi gündəmdən düşmür. Siyasətçilər, millət vəkilləri, ziyalılar, sıravi vətəndaşlar bu faciələrin qarşısının alınması üçün müxtəlif təkliflər və iradlar irəli sürsələr də, Müdafiə Nazirliyi hələ də susur.
Və bu arada yayılmış məlumatlara görə, son dövrlər düşmən yenə də cəbhə bölgəsində, xüsusən Gədəbəy istiqamətində atəşkəsi pozur. Atəşkəs pozuntuları nəticəsində daha bir zabitimiz yaralanıb, bir əsgərimiz şəhid olub. Cəbhədə mütəmadi olaraq ermənilərin atəşkəsi pozmasına Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri layiqli cavab verir və düşməni geri otuzdurur. Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli deyir ki, ordu və ordu rəhbərliyi son zamanlar bir qrup şəxslər, müxalifyönlü insanlar tərəfindən haqsız olaraq xüsusi hədəfə alınıb.
“Ordu bizim hamımızındır, orduya qarşı bu cür münasibətdə olmaq yolverilməzdir. Təəssüflər olsun ki, həmin şəxslər konkret olaraq Ehtiyatda və İstefada Olan Zabitlər Birliyi adlı bir qurumun rəhbəri Yaşar Cəfərli bu gün Müdafiə Nazirliyinin Silahlı Qüvvələrini hədəfə alıb və onu gözdən salan yazılarla dövrü mətbuatda çıxış edir. Bu yolla o, qeyd etdiyim mövzunu mətbuatın gündəmində saxlamağa çalışır. Bu hərəkətilə o, eyni zamanda Azərbaycan ordusunun imicinə zərbə vurmaq istəyir və bu yolverilməzdir. Həmin qüvvələr dəfələrlə ordunu siyasiləşdirməyə çalışıblar və ordu mövzusunu siyasi gündəmə daşıyıblar. Bu hallar mütəmadi olaraq baş verib. Xüsusilə indiki dönəmdə bu məsələni bu cür gündəmdə saxlamaq nə mənəvi baxımdan nə hüquqi baxımdan heç nəyə sığmır. Yaxşı olardı ki, həmin şəxslər başqa istiqamətdə öz fəaliyyətlərini qurardılar. Dəfələrlə onlarla müxtəlif istiqamətlərdə orduya ictimai nəzarət mövzusundan tutmuş, Silahlı Qüvvələrdə hərbi qulluqçuların sosial rifah mövzusuna qədər müzakirələr aparılıb. Təəssüflər olsun ki, həmin şəxslər bu məsələlərə, ordumuzun təbliğinə, dövlətin bu yöndə gördüyü işlərin təbliğinə, gənclərin hərbi xidmətə hazırlanması, gənclərin maarifləndirilməsi istiqamətində görülən işlərə deyil, bütün günü bir saytda və bir neçə mətbu orqanda Silahlı Qüvvələrin rəhbərliyini gözdən salacaq mövqedən çıxış etməyə cəhd edirlər”.
Müstəqil hərbi ekspert Cəsur Sümərinlinin “Unikal”a bildirdiyinə görə, “Azərbaycan Ordusunda bu qədər qeyri-döyüş vəziyyətində baş vermiş əsgər ölümlərinə baxmayarq Müdafiə Nazirliyinin rəhbərliyinin hələ də cəzalandırılmaması heyrət doğurur. Amma ölkə vətəndaşlarının, ziyalıların və QHT-lərin son aylardakı fəallığı və fəal vətəndaş mövqeyindən çıxış etmələri artıq yaxşı mənada öz bəhrəsini verməkdədir. Məndə olan məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində ordu hissələrinin komandirlərinə qeyri-rəsmi şəkildə göstəriş verilib ki, sıravi əsgərlərə qarşı son dərəcə hörmətlə yanaşılsın və onların qayğısına qalınsın. Necə deyərlər, aşağıların hesabına ordudakı vəziyyət cüzi də olsa, dəyişilməyə başlayıb və artıq komandirlər tabeliklərində olan siravi əsgərlərə hörmətlə yanaşırlar. Mənə elə gəlir ki, bu hal Müdafiə Nazirliyi rəhbərlərinin öz postlarını itirmək qorxusu nəticəsində yaranıb. Bununla belə hesab etmirəm ki, müdafiə naziri Səfər Əbiyev öz kreslosunu qoruya biləcək. Onun sonu çatıb”.
Ekspertin sözlərinə görə, “General Səfər Əbiyev artıq 19 ilə yaxındır ki, müdafiə naziri kreslosuna yiyələnib və belə bir faktın müasir dünyada analoqu yoxdur. Mənə elə gəlir ki, ölkənin siyasi rəhbərliyi yaxın aylar ərzində onun barəsində qəti qərar qəbul edəcək. Ya prezident seçkilərindən əvvəl, ya da seçkilərdən sonra”.
Şakir Əliyev
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50