“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq sürətli internetin təmin edilməsi istiqamətində işləri uğurla həyata keçirib.
"Unikal" xəbər verir ki, Azərbaycanda ilk dəfə qabaqcıl texnologiya şirkəti “Nokia” ilə birgə GPON texnologiyası əsasında 1 Gbit/s sürəti texniki olaraq əldə olunub. İlkin mərhələdə “Baktelecom” bazarda 250 Mbit/s sürət tarifini təqdim edir. Növbəti mərhələlərdə tələbə əsasən 1 Gbit/s sürət tariflərinin təklif olunması planlaşdırılır.
Qeyd edək ki, 250 Mbit/s sürətində internetin istifadəsi bu sürəti dəstəkləyən mobil, yaxud kompüter cihazlarında və müştərinin ünvanında “Baktelcom”un təqdim etdiyi yeni nəsil (ONT) modem üzərindən təmin edilir. Böyük sahələrdə isə əlavə sürət paylaşıcıdan istifadə edilməklə 250 Mbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.
Müştərilər yeni tarifdən 5 sentyabr 2023-cü il tarixindən etibarən “Baktelecom”un “155” Çağrı Mərkəzinə zəng, ərazi üzrə xidmət göstərən müvafiq şöbəyə müraciət etməklə və ya onlayn müraciət forması vasitəsilə faydalana bilərlər.