Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyində dəyişikliklərdən sonra qurumun fəaliyyətində nəzərə çarpan yeniliklər baş verib.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, konfederasiyanın işi yenidən qurulur, mühüm islahatlar aparılır, rüşvət və tapşırıqla icra olunan köhnə metodlar aradan qaldırılıb.
Yollayışların verilməsi üçün mərkəzləşdirilmiş onlayn sistem yaradılıb. Bu sistem əsasında vətəndaş birbaşa müraciət edib sanatoriya seçə bilər.
Məqsəd isə çox sadədir, yollayışların verilməsində ədalətliliyin, şəffaflığın və əlçatanlığın təmin olunması. Artıq hər kəs onlayn qaydada yollayışını alıb istirahət və müalicə mərkəzlərinə gedə biləcək. İllərdir yollayış üzünə həsrət qalan sadə vətəndaşlar bu qaydalardan daha rahat faydalana biləcək.
Lakin şəffaflığı təmin edən bu qaydalar bəzi məmurları qane etmir. Çünki onlar Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş rəhbəri Səttar Möhbalıyevin dövründə rahat yollarla, tapşırıqla və tanışlıqla yollayışlar alıb istirahət mərkəzlərində dincəliblər. Və yeni qaydalardan narazı qalan bəzi məmurlar "hamı necə, səndə helə" prinsipini bəyənməyərək Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə kölgə salmağa, hamı üçün əlçatan olan yeni sistemi tənqid etməyə, qarayaxma kampaniyası aparmağa başlayıblar.
Onlardan biri də sabiq millət vəkili Tahir Kərimlidir. Tahir Kərimli həyat yoldaşı ilə Naftalan sanatoriyasına göndəriş alıb. O iddia edir ki, əvvəllər həyat yoldaşı da, özü də 15% ödəniş edib. İndi isə bahalaşma var. Belə ki, həyat yoldaşı 50% ödəniş edib.
Saytın məlumatına görə, sabiq millət vəkili Tahir Kərimli iyulun 16-sı üçün Naftalan şəhərində yerləşən “Çinar” hotelinə 10 gün müddətinə 2 nəfərlik müalicə təyinatlı yollayışla təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və uçotu Qaydaları”nın 2.21-ci bəndinə əsasən, ər və arvadın birgə müalicəsi üçün sanatoriyalara yollayışlar müraciət edən şəxsə (sığortaolunanlara və əmək pensiyaçılarına) dəyərinin 15 faizi ödənilməklə verilir. Onun işləməyən ailə üzvünə (ərə, arvada) isə yollayışlar 50 faiz dəyəri ödənilməklə verilir.
Həmin Qaydalara əsasən Tahir Kərimli yollayışın dəyərinin 15%-ni, həyat yoldaşı isə 50%-ni ödəyib.
Yollayışın ümumi dəyəri 2450 manat təşkil edib. Bu yollayışa görə Tahir Kərimli 184, həyat yoldaşı Lətifə Tahirli isə 613 manat vəsait ödəyib.
Bundan başqa, sabiq millət vəkilinin qızı Sevinc Kərimliyə də onlayn formada qeydiyyatdan keçərək müraciət edib. O da istirahət təyinatlı yollayışla təmin edilib.
Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyası yollayışlarla bağlı yaxın günlərdə mediada geniş məlumat vermişdi.
Həmin məlumatda da qeyd olunur ki, yollayışın təyinatından asılı olmayaraq, hər bir üzv ümumi dəyərin yalnız 15%-i ödəməklə yollayış əldə edirlər. Sadəcə, onlar müəyyən prosedurlara əməl etməlidir. Bu, ilk növbədə, yollayışdan istifadə edəcək ailə üzvləri ilə bağlı olan məsələdir. Ailə üzvləri dedikdə sanator-kurort, yəni, müalicə təyinatlı yollayışlarda yalnız ər və arvad gedə bilər. Uşaqlar, yaxud digər ailə üzvləri bu yollayışdan istifadə edə bilməz. İstirahət təyinatlı yollayışda isə ər, arvad və yalnız 18 yaşa qədər olan övladları, 18 yaşından 23 yaşa qədər olan övladlar isə tələbə biletini təqdim edərək xidmətdən yararlana bilər. Bu halda bütün üzvlər yollayışın ümumi dəyərinin 15%-i ödəyir. Müalicə təyinatlı yollayışlarda isə əgər ailə üzvünün biri AHİK-ə üzv deyilsə, bu halda o yollayışının 50% dəyərini ödəyir.