Gün doğmadan nələr doğar?
Gün doğmadan nələr doğar?

Teoman Koman: “Bilsəydim PKK-çı olardım”

Hazırda qardaş türkiyədə baş verən siyasi prosesləri dəyərləndirmək çox çətindir və çətin olduğu qədər də ağrılıdır. Amma bu dəyərləndirmədən öncə xoşagəlməz bir fakt: Türkiyənin sabiq Jandarm komandiri və keçmiş kəşfiyyat müşaviri, hazırda həbsdə olan general-leytnant Teoman Koman deyib: “Bilsəydim poşu (ənənəvi kürd başlığı) geyinib PKK-çı olardım”.

Məlumata görə, Milliyyətçi Hərəkat Partiyası (MHP) millət vəkili Lütfü Türkkan “28 fevral” istintaqı çərçivəsində həbsdə olan Teoman Komanı ziyarət edib. Səhhətinin pis olduğunu bildirən sabiq hərbçi özünü idarə edəcək gücünün qalmadığını deyib.
“Əvvəl övladı-fatihan idik, sonra övladı-müdafian olduq. Son gəldiyimiz nöqtədə isə övladı-pərişan olduq. Bilsəydim, 50 avro verib başıma poşu geyinər və PKK-çı olardım. Dağlara çıxar, gəlib sülh səfiri olardım. 80 yaşımda vətən xaini oldum”, – deyə Teoman Koman bildirib.
Oxcucu Trükiyədə gedən prosesləri azdan-çoxdan izləyə bilirsə, hazırda orada baş verməkdə olan Ərgənəkon prosesinə birmənalı qiymət vermək olmur. Bu baxımdan Türkiyədə təzadlı bir durum yaranıb. Ordu və generallar, canını və qanını Türkiyənin varlığı və bütövlüyü üçün vermiş, zamanında PKK-ya qarşı vuruşmuş insanlar indi cəza evlərindədirlər. Və bu həbslər Ərdoğan iqtidarının xidmətidir. Guya ki həbsə atılmış generallar Türkiyədə dövlət çevrilişi hazırlayırmışlar. Olduqca tanış ssenaridir. Dünya tarixində belə siyasi məzhəkələr çox baş verib. İndi də Türkiyədə oynanılır.
Bu, məsələnin bir tərəfidir. Amma digər tərəfdən, türk əsgərini öldürən terrorçu qüvvələr indi Türkiyə hökuməti ilə tərəfdaş olaraq guya sülh arayışındadır. Bu, məsələnin bir tərəfidir. Bu da var ki, ordunun rolunun zəiflədilməsi Ərdoğan hökumətinə daha geniş qol-qanad açmağa imkan verib. Məhz bundan sonra Ərdoğan Öcalanla, PKK ilə danışıqlara gedə bildi. Hazırda Türkiyədə buna ən çox etiraz edən Milliyyətçi Hərəkat Partiyasıdır. İndi MHP-yə qarşı da müəyyən addımlar atılmağa başlanıb. Amma vəziyyətə qlobal baxımdan yanaşsaq, Ərdoğanın yanaşması Türkiyənin xeyrinədir və dövlətin atdığı bu addım doğru bir addımdır.
Türkiyə cəmiyyəti iki hissəyə bölünüb. AKP-nin özünün tərəfdarlarını da bir neçə hissəyə ayırmaq olar. Onlardan biri AKP-nin tərəfdarları və dini kökənli insanlardır. Digər tərəfdən Ərdoğanın millətçi çıxışları, yəni islam ölkələrini, Fələstini müdafiə etməsi, İsrailə qarşı çıxışları dini olmayan dairələrdə də rəğbət qazandırıb. AKP-ni dəstəkləyənlər arasında son illərdə Türkiyənin inkişafından faydalanaraq bizneslərini quran iş adamları da var. Türkiyə cəmiyyətinin digər hissəsi Atatürkçü insanlardır. Onlar Ərdoğanı Türkiyənin maraqlarına zərbə vuran addımlarından çox narahatdır. Cəmiyyətdə orduya qarşı aparılan intiqamın qəbuledilməzliyini, Ərdoğana qarşı qəzəb və nifrəti də görürük. Atatürkçülüyün sütunlarından olan universitetlərdəki dəyişikliklər də Türkiyəni zəiflətməyə yönəlik addımlar kimi dəyərləndirilir. Bu cür davam edərsə, düşünmürəm ki, Türkiyə güclənəcək, əksinə islam təmayüllü qüvvələrin daha da şirniklənməsi və ölkənin bel sütunu olan ordunun daha da zəiflənməsini müşahidə edə bilərik. AKP-nin bir çox addımları PKK terrorunun güclənməsinə, ölkəni etnik bölücülüyə aparan cərəyanların yaranmasına səbəb olmuşdur. İndiki məqamda Türkiyə bölünmüş bir cəmiyyətdir. Bir tərəfdə Atatürk ideyaları üzərində köklənmiş insanlar, digər tərəfdə isə dini maraqlar ətrafında birləşən insanlar yer alıb.
Natiq